Image
Loading

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmışdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur. BMT-nin İqtisadi Sosial Şurasının ən yüksək - Əsas məşvərətçi statuslu üzvü olan BAMF dünyanın aparıcı beynəlxalq təşkilatları və qlobal media qurumları ilə sıx əməkdaşlıq edir.

Media və vətəndaş cəmiyyətinin inkişafı; Qaçqınların/məcburi köçkünlərin problemləri; Sülhməramlı aksiyalar və münaqişələrin həlli; İcma inkişafı; və Təhsil BAMF-ın 5 əsas fəaliyyət istiqamətləridir. BAMF 2007-ci ildə BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin Xüsusi məşvərətçi statusunu, 2014-cü ilin əvvəllərində isə Əsas məşvərətçi statusunu qazanmışdır.

BAMF UNDP, UNHCR, UNICEF, UNEP  kimi BMT qurumları, Avropa Komissiyası, Dünya Bankı, NATO, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF Beynəlxalq Mətbuat İnstitutunun (2003), Beynəlxalq Sülh Bürosunun (2001), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının üzvüdür. Həmçinin, BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.  

BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir. Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır. BAMF müxtəlif illərdə ölkəmizə çoxsaylı jurnalistlərin, ekspertlərin, dünyaca məşhur qonaqların səfərlərini təşkil etmiş, yüzlərlə beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur. Təşkilat öz statusundan istifadə edərək mütəmadi olaraq, BMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində silsilə tədbirlər, paralel sessiyalar keçirir. Hər il dünyanın müxtəlif univeristetlərindən onlarla tələbələr BAMF-da təcrübə keçir və təşkilatın könüllüsü adını qazanmış olurlar.

ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər. ECRE-yə üzvlük isə BAMF-a qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Avropa təcrübəsindən bəhrələnmək, bu beynəlxalq qurumun iclaslarının iştirakçısı olmaq və digər üstünlüklərdən istifadə etmək imkanı qazandırmışdır.

BAMF fəaliyyət istiqamətlərindən biri olan media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində indiyədək xeyli uğurlu işlər görmüşdür. Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda mətbuatın rolunu xüsusi qiymətləndirən Fond bu sahəni daim diqqət mərkəzində saxlayır. Azərbaycan jurnalistikasını siyasətin əlindən xilas etmək, kütləvi informasiya vasitələrinin ətrafda cərəyan edən hadisələrə ədalətli və tərəfsiz münasibətinə nail olmaq, Qarabağ probleminin həllində media mənsublarının bir araya gəlməsini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etmək təşkilatın əsas vəzifələrindən biridir. Bu məqsədlə BAMF-ın mərkəzi ofisində saysız-hesabsız konfranslar, dəyirmi masalar və görüşlər keçirilmişdir. BAMF Qarabağ problemini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitablar, broşura və bukletlər çap etmiş, sənədli filmlərin, videomaterialların hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan haqqında obyektiv informasiyaların toplanıb dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə BAMF otuz ildən artıq bir müddət ərzində dünyanın ayrı-ayrı ölkələrindən jurnalistlərin, ziyalıların, xalq diplomatlarının münaqişə bölgələrinə ardıcıl səfərini təşkil etmişdir.

Təşkilat Azərbaycanda beynəlxalq əhəmiyyətli “NATO və regional təhlükəsizlik”, “Neft, qaz və media”, “Dayanıqlı yaşıl iqtisadiyyat- 2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri”, “Dini və milli tolerantlıq – millətlərarası münasibətlərin inkişaf  etdirilməsində medianın rolu”, “Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının BMT qurumlarında təmsilçiliyi”, “MDB ölkələrində Konfliktlərin proqnozlaşdırılması və qarşısının alınması” və “Humanitar Mina Aksiyası və DİM-lər” mövzusunda keçrilən konfranslarının təşkilində əsas rol sahibi olmuşdur. 2018-ci ildə Qarabağda su mənbələrinin minalarla çirkləndirilməsi və Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində insanlarımızın üzləşdiyi su probleminin əks olunduğu “Su-müharibə maşını” adlı sənədli filmi BMT-nin Cenevrə ofisində və eyni zamanda Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su forumunda təqdim olunmuşdur. 2021-ci ilin aprel ayında BAMF-ın təşəbbüsü və koordinasiyası ilə bir qrup vətəndaş cəmiyyəti qurumu Ermənistanın mina xəritələrini təqdim etməkdən boyun qaçırması ilə bağlı beynəlxalq petisiya başlatmışdır. Tanınmış ictimai xadimlər, mədəniyyət işçiləri, vətəndaş cəmiyyəti təmsilçiləri, insan hüquq müdafiəçilərin də bu kampaniyaya qoşulması ilə 20 mindən artıq səsin toplanmasına nail olunmuşdur. Azərbaycanda aparılan minatəmizləmə əməliyyatları və onun nəticələri ilə bağlı mütəmadi olaraq hesabatlar hazırlanmış və təşkilatın tərəfdaşlıq etdiyi xarici media qurumlarına, beynəlxalq təşkilatlara, donorlara və s. dairələrə göndərilmişdir. 

BAMF 10 ildən çoxdur ki, dünyanın ən nüfuzlu media qurumlarından olan Əl Cəzirə media şəbəkəsilə yaxından əməkdaşlıq edir və regionda onun əsas rəsmi və etibarlı tərəfdaşıdır. 2019-cu ildə BAMF Əl Cəzirə ilə birlikdə Azərbaycan haqqında hər birisi 25 dəqiqədən ibarət olan 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı BAMF komandası Bərdə, Tərtər, Ağdam və Goranboy istiqamətlərində düşmənin artileriya atəşi altında ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsini həyata keçirmişdir. Paralel olaraq, Əl Cəzirə heyətini müşaiyət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında birbaşa iştirak etmişdir. BAMF müharibə zamanı düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 fərqli dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 2015-ci ildən fəaliyyət göstərən və gündəlik olaraq 4 fərqli dildə xəbərlər yayımlayan BAMF-ın “Eurasia Diary” analitik portalı da bu fəaliyyətdə yaxından iştirak etmişdir. 2022-ci ilin mart ayında BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu da imzalanmışdır. Həmçinin, bu əməkdaşlıqlar nəticəsində müxtəlif istiqamətlərdə jurnalistlər üçün birgə təlimlər təşkil olunmuşdur.

Daima yerli və beynəlxalq qeyri hökümət təşkilatları ilə əməkdaşlıqlar quran və birgə fəaliyyətlər icra edən BAMF 2022-ci ildə dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri”-nin rəhbəri Heidi Kuhnü Azərbaycana dəvət etmiş və ölkəmizin qlobal mina probleminin həllinə dəstək məqsədilə növbəti addımını atmışdır. Həmçinin, BAMF və “Sülhün Kökləri” təşkilatı arasında dünyada və xüsusilə Qarabağda minaların ləğv edilməsi, humanitar mina aksiyalarının icrası və Azərbaycanda “Mines to Vines” (Minalardan Üzümlüklərə) ideyasının reallaşması istiqamətində münasibətləri rəsmiləşdirən anlaşma memorandumu da imzalanmışdır.

20 ildir ki, Azərbaycanda Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulan BAMF Azərbaycan ərazilərinin müharibə qalıqlarından və minalardan təmizlənməsi prosesində ANAMA-nın əsas partnyorlarından biridir. BAMF 2000-ci ildə BMT-in İnkişaf Proqramının dəstəyi ilə təhlükəli ərazilərin tədqiqinə dair “Birinci Səviyyəli Tədqiqat”, 2002-ci ildə isə Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin dəstəyi ilə “Minaların Mənfi Təsirinin Tədqiqi” proqramlarını uğurla həyata keçirmişdir. Bununla yanaşı 2004-cü ildə BMT-in İnkişaf Proqramının maliyyə dəstəyi ilə “Minadan Zərəçəkənlərin Ehtiyaclarının Öyrənilməsi” layihəsi həyata keçirilmişdir. 2002-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə BAMF-ın İcma Mina Aksiyası komandası yaradılmışdır. Hazırda BAMF-ın İcma Mina Aksiyası komandası 84 nəfərlik heyəti ilə Tərtər regionunda aktiv şəkildə minatəmizləmə fəaliyyətini davam etdirir. Həmçinin, BAMF tərəfindən UNICEF-in maliyyə dəstəyi ilə Qarabağ regionunda Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) və UNDP-nin maliyyə dəstəyi ilə isə Qeyri-texniki Tədqiqat layihələri uğurla icra olunmaqdadır.

Bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və onun dünyanın bir sıra ölkələrində, BMT ofislərində nümayəndələri, təmsilçiləri vardır. BAMF-ın Tərtər, Füzuli və Beyləqan rayonlarında regional ofisləri fəaliyyət göstərir. Bu ofislər vasitəsilə təşkilat regiondakı məqsəd və vəzifələrini koordinasiya edir.

 

BMT-nin sabiq Baş Katibi Ban Ki-mun BAMF-ın fəaliyyəti haqqında öz fikirlərini təşkilatın rəy kitabında belə ifadə etmişdir: «Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm».

Image

Layihə heyəti

Image

Аzadə Novruzova

Layihə kordinatoru

Image

Umud Mirzayev

Layihə rəhbəri

Image

Fuad Abbasov

Layihə meneceri